5 Oktyabr, 2022

Vətənə Aid Şeirlər

Azərbaycan haqqında şeirlər

Azərbaycan

Müəllif: Səməd Vurğun

El bilir ki, sən mənimsən, Yurdum, yuvam, məskənimsən, Anam doğma vətənimsən! Ayrılarmı könül candan? Azərbaycan, Azərbaycan! 

Mən bir uşaq, sən bir ana, Odur ki, bağlıyam sana, Hanki səmtə, hanki yana Hey uçsam da yuvam sənsən, Elim, günüm, obam sənsən!

Çox keçmişəm bu dağlardan, Durna gözlü bulaqlardan! Eşitmişəm uzaqlardan Sakit axan arazları, Sınamışam dostu, yarı…

Fəqət səndən gen düşəndə, Ayrılıq məndən düşəndə, Saçlarıma dən düşəndə. Boğar aylar, illər məni, Qınamasın ellər məni. 

Dağlarının başı qardır, Ağ örpəyin buludlardır. Böyük bir keçmişin vardır. Bilinməyir yaşın sənin, Nələr çəkmiş başın sənin. 

Düşdün uğursuz dillərə, Nəs aylara, nəs illərə. Nəsillərdən nəsillərə, Keçən bir şöhrətin vardır. Oğlun, qızın bəxtiyardır… 

Hey baxıram bu düzlərə, Ala gözlü gündüzlərə. Qara xal ağ üzlərə, Könül istər şeir yaza; Gəncləşirəm yaza-yaza… 

Ölməz könül, ölməz əsər, Nizamilər, Fizulilər Əlin qələm, sinəm dəftər, De gəlsin hər nəyin vardır. Deyilən söz yadigardır.

Azərbaycan deyəndə

Müəllif: Tofiq Bayram

Vətən mənim bu günüm, Sabahkı toy-düyünüm. Haqqım var ki, öyünüm Azərbaycan deyəndə. Ürəklərdə döyünüm, Azərbaycan deyəndə. 

“Hər ölkəyə, hər elə, Olsun hörmət”, deyirəm. “Vətənindir, vətənin, İlk məhəbbət”, deyirəm. “Onun şöhrət tacıdır, Şe’r-sənət” deyirəm. Mən vətənə, “Füzuli, Abbas Səhhət” deyirəm! Mən vətənə, “Sabiri Doğan qeyrət”, deyirəm! Mən vətənə, “Üzeyir, Müşfiq, Səməd”, deyirəm! “Günəş kimi müqəddəs Bir həqiqət”, deyirəm, Azərbaycan deyəndə. “Dünya məni dinləsin, – Diqqət, diqqət!”, deyirəm. Azərbaycan deyəndə!

Azərbaycan deyəndə, Ləpələr şairləşir. Anaların bətnində, Qara gözlü körpələr Pələngləşir şirləşir. Azərbaycan deyəndə, Müdrik qocalar kimi Dağlar da fikirləşir. Azərbaycan deyəndə “Haralısan?” sualı, Verənlərə ar olur. Qeyrətlilər birləşir, Qeyrətsizlər xar olur Azərbaycan deyəndə! 

Dostdan sovqat, muştuluq, Düşməndən bac alaram, Azərbaycan deyəndə! İşıq sütunu kimi Sabaha ucalaram, Azərbaycan deyəndə! Körpüləri, səddləri Sinəmlə parçalaram. Sərhəd məftillərində, Bu kobud əllərimlə Bir muğamat çalaram, Azərbaycan deyəndə!

Azərbaycan! – Bu nida Qayaları silkələr. Sal daşların köksündə Çiçək bitər, gül bitər. Azərbaycan deyəndə, Təbim coşar, sel gələr, Sanma şöhrət pərdəsi, Ürəyimi kölgələr, Azərbaycan deyəndə. Gözümdə doğmalaşar Bütün xalqlar, ölkələr, Azərbaycan deyəndə!